Azərbaycanın İlk “Ironwoman”ı

2018-ci ildən fəaliyyət göstərən “Triterra Baku Triathlon Club”u həvəskar triatlonun ölkəmizdə təbliği, inkişafı və ümumilikdə bu idman növünə marağın artırılması istiqamətində çalışır. Yüksək ixtisaslı və peşəkar məşqçi heyətinə malik olan klub, müxtəlif yaş qruplarında həvəskar idmançıların hazırlanmasına və ölkəmizin beynəlxalq yarışlarda layiqli təmsil olunmasına öz töhfəsini verir.

“Ironman” triatlon yarışının Azərbaycanda kütləviləşdirilməsi, xüsusilə qadınlar arasında bu idman növünə marağın artırılması məqsədilə “Triterra Baku Triathlon Club”u ölkənin aparıcı korporativ bankı PAŞA Bank ilə birlikdə ilk dəfə olaraq “Ironwoman” adını qazanmaq uğrunda aparılacaq mübarizəni dəstəkləyəcək.

“Ironman” triatlon yarışı çərçivəsində qadın iştirakçılar üzgüçülük, velosiped sürmək və marafon qaçışı kimi idman növlərində öz qüvvələrini sınayırlar. Rəsmi “Ironman” yarışında Azərbaycanı təmsil edən və tam məsafəni tamamlayaraq, “Ironwoman” adını qazanmağa müvəffəq olan qadın iştirakçıya PAŞA Bank tərəfindən 10 000 AZN mükafat təqdim olunacaq. Qeyd edək ki, yarış şərtlərinə əsasən, 17 saatlıq müddət ərzində aciq suda 4 km üzmə, 180.25 km velosiped mərhələsini və 42.20 km marafon qaçışını tamamlamaq lazım gələcək.

Şərtlərə əsasən istənilən şəxs hazırlıq prosesinə qatıla bilər. “Triterra Triathlon Club”unun peşəkar təlimçiləri klub tərəfindən təşkil olunan fərdi və ya qruplar üzrə təlim-məşq proqramı vasitəsilə hazırlıq boyu iştirakçılara yarışdakı məsafəni qət etmək üçün bütün gərəkən məlumatları verəcək.

Bu yarışı dəstəkləməklə PAŞA Bank, qadınları öz qüvvələrinə daha çox inanmağa və daha yüksək zirvələri fəth etməyə ruhlandırmaq istəyir. Bank, fiziki hazırlıq səviyyəsindən, sosial mövqeyindən asılı olmayaraq, bütün qadınları öz potensialını kəşf etməyə və yarışa qatılmağa səsləyir.

PAŞA Bank, qadınların cəmiyyətdə mövqeyinin və təsirinin gücləndirilməsi istiqamətində bir sıra təşəbbüsləri dəstəkləyib. Belə ki, Bank, qadın sahibkarlar üçün “Scale Up” layihəsinin, karyerasını informatika sahəsində qurmaq istəyən xanımlar üçün “womENcourage” tədbirinin, qadın rəhbərlər üçün “S.H.E – Beynəlxalq Qadınlar konqresi”nin tərəfdaşı qismində çıxış edib.

* İştirakçı Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

* İştirakçı aktiv peşəkar idmançı olmamalıdır (idman iştirakçının əsas fəaliyyəti olmamalı və bunun üçün müqaviləyə əsasən daimi əmək haqqı almamalıdır) və həmçinin müqavilə əsasında idman klublarının üzvü olmamalıdır.

* İştirakçı Azərbaycan Respublikası adından rəsmi "Ironman" yarışmasında çıxış etməli, məsafəni qət edən və "Ironman" adını qazanan ilk şəxs olmalıdır.

* Müsabiqədə iştiraka hazırlıq (təlim), avadanlıq, lazımi icazələrin alınması (müsabiqənin keçirldiyi ölkəyə giriş və ya çıxış üçün vizalar), tibbi xərclər, nəqliyyat xərcləri, yarışlarda iştirak üçün ödəniş və digər xərclər ilə əlaqəli bütün maliyyə xərcləri "Ironman" adı qazanmaq üçün yarışda iştirak etmək istəyənlər tərəfindən ödənilir.

08.03.2021