Pasha Bank - Ironman: "Necə dəmir adam olmaq olar". Triterra Baku Triatlon Klubunun təsisçisi Rüfət Həsənovla müsahibə

- Oxuculara “Ironwoman” layihəsi haqda məlumat verə bilərsinizmi?

- Bu təşəbbüs ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və həvəskar triatlon klubu “Triterra” tərəfindən irəli sürülüb. Cəmiyyətdə qadınların rolunun və təsirinin daha da möhkəmləndirilməsini dəstəkləməyə yönəlmiş bu layihə, həm də “Ironman” triatlon yarışının ölkəmizdə kütləviləşdirilməsini də hədəfləyir . Əminəm ki, bir çox idman həvəskarı və keçmiş peşəkar qadın idmançılar nəinki məsafəni keçmək, həm də Azərbaycan tarixində ilk dəfə olaraq “Ironwoman” adını qazanmaq istəyir. Beləliklə də, bu adı qazanmaq uğrunda aparılacaq mübarizəni dəstəkləmək və bu layihəyə ictimaiyyətin diqqətini cəlb etmək qərarına gəldik.

- “Ironman” nədir?

- Ironman fasiləsiz olaraq növbətdi ardıcıllıqla keçirilən üç mərhələdən ibarətdir: açıq suda üzmə - 3,86 km, velosiped sürmək - 180,25 km və marafon yarışı - 42,195 km. “Ironman” triatlonda ən uzun məsafə olaraq digər idman növləri arasında da ən çətin yarış hesab edilir. Statistikaya görə, iştirakçıların böyük əksəriyyəti dünyanın ən inkişaf etmiş ölkələrinin təmsilçiləri olur. Əsas səbəb isə bu növ həvəskar idman növünün dünyanın inkişaf etmiş ölkələrində daha çox tanınmasıdır. Təəssüf ki, həmvətənlərimiz, bu idman növü barədə çox az məlumata malikdir. İndiyədək bir neçə azərbaycanlı “Ironman”  adını qazana bilib. Bu məqamları nəzərə alaraq qadınları bu yarışa qatılmağa təşviq etmək istədik.

- “Ironman” məsafəsini qət etmək üçün nəzərdə tutulan hazırlıq prosesi nədən ibarətdir?

- Hazırlıq prosesi triatlonu təşkil edən hər idman növü üzrə məşqlərdən ibarətdir. Bura üzgüçülük, velosiped sürmə və qaçış aiddir. "Ironman" məsafəsinə hazırlıq  iştirakçıdan daha çox əzmli və intizamlı olmağı, düzgün həyat tərzi sürməyi tələb edir.

- Məsafəyə hazırlaşmaq üçün mütləq şəkildə təlimçilərə müraciət etmək lazımdır, yoxsa sərbəst şəkildə də hazırlaşmaq mümkündür?

- Bunu həm müstəqil surətdə, həm də peşəkar bir təlimçinin rəhbərliyi altında edə bilərsiniz. Təkbaşına məşq etmək üçün uzun müddətə nəzərdə tutulan bir proqramı almaq və hər gün bu proqramla məşğul olmaq lazımdır. Əlbəttə, bu, daha çətindir. Həftəlik proqram hazırlayan, iştirakçının irəliləyişini və nəticələrini izləyən və məşqlərə nəzarət edən bir məşqçi ilə işləmək daha effektivdir.

-Məşqlərə başlamaq üçün hər hansı bir texnikaya ehtiyac varmı?

Bəli, triatlon müəyyən qədər sərmayə tələb edən bir idman növüdür. Yarışmada iştirak etmək üçün şose velosipedi, GPS saatı, Velotrenajor (SMART trainer), hidrokostyum olmalıdır. Bu yarış üçün gərəkən idman avadanlıqlarına dair daha ətraflı məlumatı internetdə tapa bilərsiniz.

- “Ironman” yarışmasına hazırlıq prosesi nə qədər vaxt aparır?

- Orta həvəskar idmançı üçün hazırlıq müddəti 12-18 ay çəkə bilər.

- “Triterra” klubunun bu layihədəki rolu nədir?

- Klubumuz “Ironman” məsafəsini Azərbaycanda tanıtmaq məqsədi ilə yaradılıb və bu məsafəni qət etmək istəyənlər üçün peşəkar təlimlər keçirir.

 

-  “Ironman” yarışına hazırlaşmağa başlamaq istəyənlərə nə tövsiyə edərdiniz?

- Təlimin nisbətən asan növündən başlamağı tövsiyə edərdim. Yəni dərhal bahalı avadanlıq almağa, üzgüçülük, velosiped sürmək və qaçışa hazırlaşmağa tələsməyin. 2-3 aylıq bir müddətdə özünüzü sınaya və yalnız qaçışa hazırlaşmağa başlaya bilərsiniz. Bununla da, həm ürək sisteminizi hazırlayacaq, həm də cədvəlinizdə məşqlərə nə qədər vaxt ayıra biləcəyinizi öyrənəcəksiniz. 3 aydan sonra ən az 10-15 kilometr qaçmağı hədəfləyin. Həm fiziki, həm də zehni olaraq müntəzəm şəkildə məşq etməyi bacarsanız, “Ironman” yarışına hazırlaşa bilərsiniz! İnanın, nə qədər çətin olsa da, bir gün bu məsafənin finiş xəttinə çatacaq, “You are an Ironman” ifadəsini eşidəcək, bütün sınaqlardan hədər yerə keçmədiyinizi anlayacaqsınız!

Bütün iştirakçılara uğurlar arzulayıram!

05.05.2021